Vaksinləmə prosesinin ləng getməsi və müxtəlif ölkələrdə COVID-19-a qarşı vaksinlərin bərabər paylanmaması dünya iqtisadiyyatı üçün böyük itkilərə səbəb ola bilər.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “The Economist” jurnalının analitika bölməsi olan “Economist Intelligence Unit”in (EIU) apardığı araşdırmanın nəticələri göstərir.
EIU analitikləri hesab edirlər ki, növbəti ilin ortalarınadək əhalisinin 60 %-i peyvənd olunmamış ölkələrin 2022-2025-ci illər cəmi ÜDM azalması 2,3 trilyon ABŞ dolları təşkil edəcək. Burada söhbət əsasən inkişaf etməkdə olan ölkələrdən gedir.
Regionlar üzrə ən böyük itki (1,7 trilyon ABŞ dolları) vaksinləmənin ləng getdiyi Asiyanın payına düşəcək. İqtisadiyyatın həcminə nisbətdə ən böyük itkiyə Afrika ölkələri məruz qalacaqlar.