EIB Azərbaycanda strateji layihələrin maliyyələşdirilməsi niyyətindədir

Maliyyə
  • 16 dekabr, 2021
  • 12:02
EIB Azərbaycanda strateji layihələrin maliyyələşdirilməsi niyyətindədir

Brüsseldə keçirilən Avropa İttifaqı-Şərq Tərəfdaşlığı Sammitində Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer "Şərq Tərəfdaşlığı"na üzv dövlətlərdə iqtisadi bərpa və davamlı investisiyaları dəstəkləmək üzrə Aİ və həmin dövlətlərin prezidentlərinə qoşulub.

“Report” xəbər verir ki, bu barədə EIB məlumat yayıb.

Bildirilir ki, sammitdə strateji investisiyalar üçün imzalanmış 171 milyon avroluq Aİ maliyyələşdirməsinin (EIB kreditləri və Aİ qrantları), Aİ-nin regionda davamlı və möhkəm sosial-iqtisadi artıma sadiqliyini vurğulayır.

Avropa İttifaqı bankı olaraq EIB, "Şərq Tərəfdaşlığı"nın Aİ İqtisadi və İnvestisiya Planı tərəfindən dəstəklənən bərpa, dayanıqlılıq və islahatlarla bağlı gündəliyini tam dəstəkləyir.

EIB, 2009-cu ildə tərəfdaşlığın yaradılmasından bu yana "Şərq Tərəfdaşlığı" ölkələrinə 11 milyard avro maliyyə vəsaiti ayırıb.

EIB həmçinin Avropa Komissiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Azərbaycan və Ermənistana son birgə missiyasından sonra strateji layihələrin maliyyələşdirilməsi və dəyərləndirilməsini təmin etmək niyyətini vurğulayıb.

EIB-in bütün fəaliyyəti, 2021-ci ilin iyul ayında Komissar Oliver Varhelyi tərəfindən təqdim olunan "Şərq Tərəfdaşlığı" üzrə Aİ İqtisadi və İnvestisiya Planını dəstəkləmək üçün nəzərdə tutulub.

İqtisadi və İnvestisiya Planı, "Şərq Tərəfdaşlığı" ölkələrinə 17 milyard avroya qədər dövlət və özəl investisiyaların səfərbər edilməsi potensialı olan 2,3 milyard avroluq Aİ qrantları təklif edir.

“Gürcüstan, Moldova və Ukraynadaya yeni ayrılan sərmayələr Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə dəstəyini, eləcə də Avropa komandasının tərəfdaş ölkələrinin davamlı və möhkəm sosial-iqtisadi inkişafının təmin edilməsinə sadiqliyini göstərir. EIB rəqəmsallaşma, təhsil, iqlimlə bağlı fəaliyyət və KOM-lar kimi əsas iqtisadi sektorlara investisiyalarımızla bu ümumi baxışı dəstəkləməkdən qürur duyuruq. Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" arasında əlaqələri daha da gücləndirmək və EIB-in "Şərq Tərəfdaşlığı" ölkələrində ən böyük çoxtərəfli investorlardan biri olaraq rolunu gücləndirmək fürsətini səbrsizliklə gözləyirik”, - EIB prezidenti Verner Hoyer deyib.

EIB, "Şərq Tərəfdaşlığı" ölkələrində – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada Avropa İttifaqının zəmanətləri ilə dəstəklənən əlçatan, uzunmüddətli maliyyələşdirməni, eləcə də bank layihələrinin hazırlanması üçün texniki məsləhətləri təklif edir. Bank, Avropa İttifaqından qrantlar cəlb etməklə kredit maliyyələşdirməsini tamamlayır.