AMB: Qeyri-neft sənayesinin əksər sahələrində iqtisadi aktivlik artıb

AMB: Qeyri-neft sənayesinin əksər sahələrində iqtisadi aktivlik artıb Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) real sektorda apardığı monitorinqin nəticələrini açıqlayıb.
Maliyyə
28 Dekabr , 2018 12:27
AMB: Qeyri-neft sənayesinin əksər sahələrində iqtisadi aktivlik artıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) real sektorda apardığı monitorinqin nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, real sektorun monitorinqinin nəticələri ölkədə iqtisadi aktivliyin davam etdiyini təsdiqləyir: “Monitorinqə əsasən 2018-ci ildə qeyri-neft sənayesinin əksər sahələri üzrə, o cümlədən qida sənayesi, tikinti materiallarının istehsalı, metallurgiya sənayelərində iqtisadi aktivlik göstəricilərində artım müşahidə olunub. Bu sahələr üzrə biznes inam indeksi (Bİİ) hesabat dövrü ərzində pozitiv zonada olmuşdur. Sorğuda əhatə olunan əksər xidmət (rabitə, poçt, nəqliyyat, otel, turizm) və ticarət (elektrik məişət avadanlıqları, avtomobil) sektorları üzrə də iqtisadi aktivlik göstəriciləri yaxşılaşıb”.

AMB bəyan edib ki, iqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənib.

“İstehlakın səviyyəsi əhalinin pul gəlirləri və kredit qoyuluşlarının dinamikasının təsiri altında formalaşıb. 11 ayda əhalinin real gəlirləri 6,7%, ev təsərrüfatlarına kreditlərin həcmi isə 15% artıb. Bu şəraitdə istehlakçı inamı göstəricilərinin yaxşılaşması qeydə alınıb. Daxili tələbin digər komponenti olan investisiyaların həcmi cari ilin 11 ayında 12,9 mlrd. manat olub ki, bunun da 48,2%-i özəl sektorun payına düşüb. Büdcə xərcləri 2018-ci ildə də daxili və xarici tələbə təsir edən mühüm amillərdən biri olub. 11 ayda dövlət büdcəsi xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 27,2%, o cümlədən cari xərclər 5,9%, əsaslı xərclər 65,6%, dövlət borcuna xidmət xərcləri isə 44,3% artıb. Daim artan büdcə və xüsusilə də əsaslı xərclərin dinamikası fonunda iqtisadi artımın potensialdan aşağı olması və əksinə, idxalın yüksək dinamikası büdcə xərclərinin effektivliyinin artırılması, iqtisadiyyatda struktur məhdudiyyətlərinin aradan qaldırılması zərurətini irəli sürür”, - deyə bəyanatda vurğulanıb.  

Son xəbərlər

Orphus sistemi