Bakı. 14 dekabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini -0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.
Qeyd edək ki, ötən iclasda ECB monetar stimullaşdırmanın həcmini 2 dəfə azaldaraq 60 mlrd. avrodan (70,8 mlrd. dollar) 30 mlrd. avroya (35,4 mlrd. dollar) endirib və müddətini 9 ay uzadıb. Lazım gələrsə, ECB monetar stimullaşdırmanı 2018-ci ilin sentyabrından sonra da davam etdirəcəyini və onun həcmini yenidən artıra biləcəyini açıqlayıb.
Bir qədər sonra ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlaması gözlənilir.
ECB-nin qərarı avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR məzənnəsi 1,1810-1,1830 səviyyəsində sabitləşib.