Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) makaron, qənnadı məhsulları, qazlı sərinləşdirici içkilər və un məmulatlarının istehsalı sahəsində aparıcı şirkət olan "Avrora" MMC-yə 25 milyon avro kredit ayırmaqla Azərbaycanın aqrobiznes sektorunu möhkəmləndirir.
Bu barədə "Report" banka istinadən xəbər verir.
Bildirilir ki, kredit iki bərabər tranşda olmaqla Azərbaycan manatı ilə veriləcək. İlk tranş yeni makaron istehsalı xəttinin maliyyələşdirilməsi üçün istifadə olunacaqdır. İkinci tranş isə biskvit, tort və heyvan yemlərinin istehsalı üçün avadanlıqların satın alınması məqsədilə istifadə olunacaqdır.
"EBRD-lə əməkdaşlıq çərçivəsində "Avrora" şirkəti özünün yeni və mövcud işçiləri üçün texniki vəzifələrdə müvafiq bacarıqları, habelə elektron ticarətlə bağlı yeni təlim proqramını tərtib edəcəkdir. Həmçinin şirkət öz fəaliyyətləri çərçivəsində qadın və kişilərə bərabər imkanların yaradılmasını təmin edəcək. "Avrora" şirkəti iş şəraitinin qadınlar üçün bərabər qaydada uyğunlaşdırılmasını təmin etmək məqsədilə özünün insan resursları siyasət və təcrübəsini nəzərdən keçirəcək. Layihə Azərbaycanda bərabər imkanların yaradılmasını hədəfləyən ilk investisiyanı özündə ehtiva etməklə, Bankın fəaliyyət göstərdiyi ölkələrdə bərabər imkanların təşviqi ilə bağlı yeni strateji istiqaməti ilə də uyğunluq təşkil edir", - məlumatda deyilir.
1994-cü ildə təsis edilən şirkət Azərbaycanda kütləvi istehlak mallarının aparıcı distributorlarından biri, habelə qida və içki istehsalçısıdır.
Bankın məlumatına əsasən, iqtisadi şaxələnmənin təşviqi ilə yanaşı, birbaşa maliyyələşdirmə və konkret hədəfə əsaslanan uzunmüddətli məsləhətçilik xidmətləri vasitəsilə yerli şirkətlərin genişlənməsinə dəstək göstərilməsi EBRD-nin ölkədəki prioritetləri arasında yer alır.
EBRD Azərbaycanda aparıcı institusional investordur. Bank bügunədək ölkədə 174 layihə üzrə 3,1 milyard avro investisiya yatırıb. Bank eləcə də kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhətçiliyi xidmətləri göstərməklə 1 000-dən çox şirkətə öz fəaliyyətlərini təkmilləşdirməyə və inkişaf etdirməyə köməklik göstərib.