EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 15 fevral, 2023
  • 12:26
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 187 layihəyə ümumilikdə 3,588 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Ötən ilin dekabrın 22-nə Bankın açıqladığı göstəricilərə nisbətən Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı 2 vahid artıb, investisiya portfeli isə 68 milyon avro azaldılıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı dəyişməyərək 14 % olub.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 35 aktiv layihə (2 ədəd çox) var. Bu layihələr üzrə portfel isə 843 milyon avro (7 milyon avro çox), əməliyyat aktivləri 738 milyon avro (14 milyon avro az), kumulyativ ödənişləri isə 3,080 milyard avro (80 milyon avro az) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 86 %-i və ya 726 milyon avrosu (22 milyon avro az) infrastruktur layihələrin, 10 %-i və ya 85 milyon avrosu (27 milyon avro çox) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və ya 31 milyon avro (1 milyon avro çox) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.