EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 02 avqust, 2022
  • 08:06
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 181 layihəyə ümumilikdə 3,603 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu il iyulun 20-nə EBRD açıqladığı göstəricilərə nisbətən Azərbaycanda bankın maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 90 milyon avro artırılıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 12 %-dir.

Qeyd edək ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 33 aktiv layihə (dəyişməyib) var. Bu layihələr üzrə portfel isə 833 milyon avro (19 milyon avro çox), əməliyyat aktivləri 759 milyon avro (18 milyon avro çox), kumulyativ ödənişləri isə 3,117 milyard avro (80 milyon avro çox) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və ya 736 milyon avrosu (20 milyon avro çox) infrastruktur layihələrin, 8 %-i və ya 66 milyon avrosu (1 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və ya 31 milyon avro (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.