EBRD Azərbaycan şirkətinə 8 milyon avro kredit ayırıb
- 09 dekabr, 2021
- 07:39
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın mühəndislik və istehsal şirkəti "GemZAQrup" yeni istehsal müəssisəsi və dövriyyə vəsaiti ehtiyaclarını maliyyələşdirmək üçün 8 milyon avro məbləğində kredit ayırıb.
"Report" xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.
Bildirilir ki, bu maliyyələşdirmə EBRD-nin Qafqazda biznesin inkişafına dəstək məqsədilə gördüyü işlərin bir hissəsidir. EBRD əsasən nasos və klapan kimi avadanlıqlar üzrə mühəndislik, satınalma və təmir xidmətləri göstərən Azərbaycan şirkəti "GemZA Qrup" MMC-yə 8 milyon avro məbləğində kredit ayırır.
Bu kredit şirkətin daha mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşidldə ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsini istifadəyə verməyə imkan yaradacaq. Bununla yanaşı, kredit qrupa bir sıra dövriyyə vəsaiti ehtiyaclarını da maliyyələşdirəcəkdir.
EBRD-nin dəstəyi ilə "GemZA Qrup" istehsal imkanlarını genişləndirmək, göstərdiyi xidmətlərin çeşidini artırmaq, habelə qiymət və keyfiyyətdə daha rəqabətqabiliyyətli olmağı hədəfləyir. Daha böyük maliyyə çevikliyi sayəsində şirkət həmçinin daha cəlbedici şərtlərlə mal və xidmətlər təklif edə və müştəri bazasını genişləndirə biləcək.
Xatırladaq ki, "GemZA Qrup" 2005-ci ildən fəaliyyət göstərir və Azərbaycan, Şərqi Avropa, Mərkəzi Asiya, Türkiyə və BƏƏ-dəki müştərilərinə xidmət göstərir.
EBRD-nin şirkətə maliyyə vəsaiti ayırması Bankın kiçik və orta sahibkarların əməliyyat və standartlarını təkmilləşdirməsi istiqamətində Qafqazda kiçik və orta sahibkarlara göstərdiyi dəstəyin bir hissəsidir.
EBRD Azərbaycanda aparıcı institusional investordur. Bank bügunədək ölkədə 177 layihəyə ümumilikdə 3,2 milyard avro investisiya yatırmışdır.