EBRD Azərbaycan bankına manatla 10 milyon dollar kredit ayırıb

Maliyyə
  • 14 mart, 2025
  • 15:11
EBRD Azərbaycan bankına manatla 10 milyon dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın "Unibank" ASC-yə mikro, kiçik və orta müəssisələrin (MKOM) kreditləşdirilməsi üçün 10 milyon ABŞ dolları məbləğində yüksək dərəcəli təminatsız kreditin ayrılmasını təsdiq edib.

"Report" EBRD-yə istinadən xəbər verir ki, kredit iki bərabər tranşla manatla təqdim ediləcək və 2 ilədək ödəmə müddəti nəzərdə tutulur.

Vəsaitlər Maliyyə Vasitəçilik Mexanizmi (FIF) çərçivəsində MKOM-lar üçün kredit portfelinin genişləndirilməsinə yönəldiləcək.

Bundan əlavə, "Unibank" EBRD-nin Ticarət Maliyyələşdirmə Proqramı çərçivəsində 5 milyon ABŞ dolları məbləğində konsolidasiya edilməmiş limit əldə edəcək.

Bu layihə MKOM-lar üçün maliyyə resurslarının əlçatanlığını artırmaqla yanaşı, maliyyə institutlarının rəqabət qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək. Buraya MKOM kreditləşdirilməsi strategiyasının təkmilləşdirilməsi, yeni məhsul və proseslərin tətbiqi, həmçinin marketinq sahəsində innovasiyalar daxildir.

Bundan başqa, bu maliyyələşdirmə "Unibank"ın balansının möhkəmləndirilməsinə, öhdəliklərinin ödəmə müddətlərinin optimallaşdırılmasına və milli valyutada maliyyələşdirmənin genişləndirilməsinə kömək edəcək.

Layihə çərçivəsində "Unibank" ekoloji və sosial idarəetmə sisteminin (ESMS) hazırlanması və MKOM-ların monitorinqinin təkmilləşdirilməsi üçün ixtisaslaşdırılmış texniki dəstək də alacaq.

Qeyd edək ki, yanvarın 31-nə olan məlumata görə EBRD-nin Azərbaycandakı cari kredit portfeli 1,082 milyard avro təşkil edib və 34 layihəni əhatə edir. Bu portfelin 92 %-i (995 milyon avro) davamlı infrastrukturun inkişafına, 5 %-i (54 milyon avro) korporativ sektora, 3 %-i (33 milyon avro) isə maliyyə institutlarına yönəldilib.