Dünya maliyyə aktivləri 250 trilyon dollara çatıb

Dünya maliyyə aktivləri 250 trilyon dollara çatıb Pandemiyanın maliyyə sektoruna təsirinin davam etməsinə baxmayaraq, böhran zamanı dünyada təminatlılıq və rifah əhəmiyyətli dərəcədə artıb, iqtisadiyyatın bərpası ilə isə yaxın beş il ərzində onun nəzərəçarpacaq dərəcədə böyüməyə davam edəcəyi gözlənilir
Maliyyə
10 İyun , 2021 20:58
Dünya maliyyə aktivləri 250 trilyon dollara çatıb

Keçən il dünyanın maliyyə aktivləri uzanan COVID-19 pandemiyası fonunda əhali yığımlarının artması və bazarların gözlənilməz dayanıqlığı ilə 250 trilyon ABŞ dollarına çataraq tarixi maksimuma imza atıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “The Boston Consulting Group” (BCG) beynəlxalq konsaltinq şirkətinin illik hesabatında deyilir.

Qeyd olunur ki, əvvəlki ilə nisbətən artım 8,3% təşkil edib. Pandemiyanın maliyyə sektoruna təsirinin davam etməsinə baxmayaraq, böhran zamanı dünyada təminatlılıq və rifah əhəmiyyətli dərəcədə artıb, iqtisadiyyatın bərpası ilə isə yaxın beş il ərzində onun nəzərəçarpacaq dərəcədə böyüməyə davam edəcəyi gözlənilir.

Qlobal sərvət əsasən Şimali Amerika, Asiya (Yaponiya istisna olmaqla) və Qərbi Avropa regionları tərəfindən yaradılacaq: 2025-ci ilə qədər olan dövrdə dünyada maliyyə aktivlərinin artımının 87%-i onların payına düşəcək.

12 ən böyük bazar göstərilir: ABŞ (5,8 trilyon ABŞ dolları), Çinin materik hissəsi (3,6 trilyon ABŞ dolları), Almaniya (1,4 trilyon ABŞ dolları), İtaliya, Rusiya, Kanada (hər biri 0,5 trilyon ABŞ dolları), İsveçrə və Tayvan (hər biri 0,4 trilyon ABŞ dolları). Bunların arasında Honkonq (1 trilyon ABŞ dolları), Fransa (0,7 trilyon ABŞ dolları) və Hindistan ilə Böyük Britaniya (hər biri 0,6 trilyon ABŞ dolları) qərarlaşıb.

Həmçinin qeyd olunur ki, son iki ildə Şərqi Avropada maliyyə aktivlərinin artımı orta qlobal göstəricinin 8,3%-i olduğu halda, 12% həcmində fiksə edilib.

Hesabatda deyilir ki, şəxsi kapitalın idarəetməsi sahəsindəki bir çox müştəri keçən il daha yüksək gəlir əldə etmək üçün alternativ investisiyalara maraq göstərib və aşağı gəlirli borc qiymətli kağızlarından uzaqlaşıb. Bu tendensiya çərçivəsində real aktivlər, ilk növbədə də daşınmaz əmlak mülkiyyəti rekord həddə - 235 trilyon ABŞ dollarına çatıb. Bununla belə, sərvətin ən çox real aktivlərdə cəmləşdiyi Asiyada (84 trilyon ABŞ dolları, ümumi həcmin 64%-i) qarşıdakı illərdə maliyyə aktivlərindəki artım real aktivlərdəki artımı üstələyəcək (7,9%-ə qarşı 6,7%). O cümlədən investisiya fondları regionda ən sürətli böyüyən maliyyə aktivləri sinfinə çevriləcək.

Maliyyə aktivlərinə nağd pul və depozitlər, istiqrazlar, paylı investisiya fondlarındakı səhmlər və paylar, habelə həyat sığortası və pensiya fondlarındakı əmanətlər daxildir. Real aktivlərə isə daşınmaz əmlak, qızıl külçələr və digər qiymətli metal kimi yüksək dəyərli davamlı mallar daxildir.

Dünyada özəl borcların ümumi miqdarı ötən il 53 trilyon ABŞ dolları təşkil edib. 2015-ci ildə bu göstərici 41 trilyona bərabər idi. Beş il ərzində bu rəqəmin 67 trilyona yüksələcəyi gözlənilir. Buraya bank kartı kreditləri, ipoteka və digər qısa və uzunmüddətli kreditlər daxildir. Eyni zamanda, BCG Şərqi Avropa regionu üçün borc artımında azalma tendensiyasını qeyd edir.

Son xəbərlər

Orphus sistemi