Dekabrın 7-8 tarixlərində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus Azərbaycanda səfərdə olacaq.
“Report”un əldə etdiyi məlumata görə, səfərin əsas məqsədi Bankın Azərbaycanla bağlı hazırladığı hesabatların hökumətə təqdim etməkdir.
Regional direktorun səfəri zamanı “Azərbaycan - yaşıl artıma doğru" tematik arayış və “Ölkə üzrə iqtisadi memorandum”un təqdimatı keçiriləcək.
Həmçinin qonağın Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bank Azərbaycanda bir çox milli inkişaf prioritetlərini - insan kapitalının inkişafı, infrastruktura, ictimai xidmətlərə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinə və kənd yerlərinin inkişafına sərmayə qoyulması, məcburi köçkünlərə dəstəyi və s. əhatə edən və ümumi dəyəri 4,4 milyard ABŞ dollarından artıq olan 50-dən çox layihəni maliyyələşdirib.