Dünya Bankı 2021-ci ildə Azərbaycanın ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Dünya Bankı 2021-ci ildə Azərbaycanın ÜDM artımı proqnozunu yaxşılaşdırıb DB Azərbaycanın ÜDM artımı proqnozunu 2021-ci ildə 2,8%-ə qədər, 2022-ci il üzrə isə 4,5%-dək yaxşılaşdırıb
Maliyyə
31 Mart , 2021 10:55
Dünya Bankı 2021-ci ildə Azərbaycanın ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Dünya Bankı (DB) Azərbaycanın 2021-ci ildə ÜDM artımı proqnozunu yanvar ayındakı 1,9%-dən 2,8%-ə qədər, 2022-ci il üzrə proqnozu isə 3,9%-dən 4,5%-dək yaxşılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya (AMA) regionunun iqtisadiyyatı haqqındakı “Məlumat, Rəqəmsallaşma və İdarəetmə” (“Data, Digitalization and Governance”) hesabatında deyilir.

2023-cü ildə Azərbaycan iqtisadiyyatının artımının 3,4% olacağı proqnozlaşdırılır.

“AMA-nın digər subregionlarında olduğu kimi, Cənubi Qafqazda da 2020-ci ilin dördüncü rübündə gündəlik yeni yoluxma hallarının sayı yenidən artıb. Bundan ən çox əziyyət çəkən Gürcüstan olub. Orada əhali sayına düşən yoluxma hallarının sayı Ermənistan və Azərbaycandakı pik templəri ilə müqayisədə təxminən üç dəfə artıb. Bununla belə, Cənubi Qafqazda adambaşına düşən ən yüksək ölüm səviyyəsi Ermənistandadır. Ermənistan eyni zamanda 2020-ci ilin sonunda artım fonunda ikinci təcrid rejiminə girməyən yeganə ölkədir”, - hesabatda bildirilir.

DB hesab edir ki, Cənubi Qafqazda tədarükün gecikməsi səbəbindən peyvəndin tətbiqi çətin olub, lakin fevral ayında Azərbaycanda “Sinovac” peyvəndinin çatdırılması ilə əlaqədar vaksinasiya kampaniyası başlayıb: “Ümumi irəliləyiş yavaş olsa da, Britaniyanın “AstraZeneca” əczaçılıq şirkətindən və Rusiyadan “Sputnik V” peyvəndinin alınması bu ilin sonuna qədər aşılanma prosesinə kömək edə bilər. Aşılamanmaya qarşı yüksək istəksizlik, xüsusən də Gürcüstanda, peyvəndləmə üzrə daha genişmiqyaslı səylərə mane ola bilər”.

Hesabatda deyilir ki, Azərbaycanla Ermənistan arasındakı müharibə və COVID-19 ilə bağlı yüksək yoluxma və ölüm göstəriciləri səbəbilə 2020-ci ildə Cənubi Qafqazda AMA-nın subregionları arasında ən böyük geriləmə qeydə alınıb. 2021-ci ildə 3,1%-ə qədər artım, 2022-ci ildə isə onun 4,2%-dək sürətlənməsi proqnozlaşdırılır.

“2021-ci ilin əvvəllərindəki bərpa səssiz-səmirsiz keçir, ancaq pandemiya səbəbindən aşağı daxili tələbatı, habelə Ermənistandakı daxili siyasi gərginliyi və Gürcüstanda nəqliyyat və turizm sahəsində davamlı azalmanı əks etdirir.

Ermənistan və Gürcüstan faizləri qaldırdığından pul-kredit siyasəti sərtləşib. Ümumilikdə, adambaşına düşən ÜDM-nin 2022-ci ilə qədər pandemiya öncəsi proqnozlardan 7% az olacağı gözlənilir. Proqnoz pandemiya və münaqişələrlə bağlı sarsıntılara, eləcə də istehlakçı və işgüzar inamın yaxşılaşdırılması ilə yanaşı turizmin bərpasına əsaslanır. Proqnozlaşdırılan dövrdə Azərbaycanda aktivliyin neft qiymətlərinin sabitləşməsi və azad edilmiş ərazilərdə investisiya və yenidənqurma xərcləri hesabına iqtisadiyyatın artımı ilə genişlənəcəyi gözlənilir. Ermənistanla Azərbaycan arasındakı atəşkəs razılaşmasının bölgədəki geosiyasi gərginliyin azaldılmasına kömək edəcəyi gözlənilir”, - DB-nin hesabatında deyilir.

Son xəbərlər

Orphus sistemi