​Dünya Bankı Azərbaycanda təkmilləşdirilməyə ehtiyacı olan sahələri açıqlayıb

​Dünya Bankı Azərbaycanda təkmilləşdirilməyə ehtiyacı olan sahələri açıqlayıb Qiymətləndirmə: Vergi idarəçiliyi, daxili və xarici auditin əlavə təkmilləşdirmədə ehtiyacı var
Maliyyə
11 Dekabr , 2014 16:52
​Dünya Bankı Azərbaycanda təkmilləşdirilməyə ehtiyacı olan sahələri açıqlayıb

Bakı, 11 dekabr. REPORT.AZ/ "Azərbaycanda təkmilləşdirməyə ehtiyac duyulan sahələr qalmaqdadır və mən PEFA qiymətləndirməsinə daxil olan sahələrdə Azərbaycan hökuməti və inkişaf tərəfdaşları arasında səmərəli əməkdaşlıq ruhunun davam etdiriləcəyinə ümid edirəm". “Report”un verdiyi xəbərə görə, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəsi Larisa Leşçenko Azərbaycan üzrə Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) qiymətləndirməsi layihəsinin yekun hesabatının təqdimat mərasimində çıxışında deyib.

Həmçinin o bildirib ki, PEFA Qiymətləndirməsi Hökumət, Dünya Bankı, Avropa İttifaqının nümayəndəliyi və SECO arasında sıx əməkdaşlığın bariz nümunəsidir: “Hesabatda əks olunan nəticələr dövlət maliyyə idarəetməsinin bir sıra sahələrində Azərbaycanın yaxşı nəticələrə nail olduğunu və 2008-ci ildə həyata keçirilmiş son qiymətləndirmədən etibarən tərəqqinin əldə olunduğunu nümayiş etdirir”.

Qeyd edək ki, Azərbaycan 31 PEFA göstəricisindən 12-si üzrə mümkün olan ən yüksək nəticəni əldə edib və dövlət maliyyəsi ilə bağlı bir sıra fəaliyyət üzrə mühüm irəliləyişlər qeydə alınıb.

Yüksək nəticələr nümayiş olunmuş sahələrə maliyyə sistemi ilə bağlı məlumatların təfərrüatlılığı və şəffaflığı, eləcə də vəsaitlərin mövcud olması ilə bağlı təxminlərin etibarlılığı və büdcə borclarının olmaması daxildir. Əlavə səylərin göstərilməsinə ehtiyac duyulan sahələrə vergi idarəçiliyi, satınalmalar, daxili və xarici auditlə bağlı müstəqil və təfərrüatlı nəzarət də daxil olmaqla potensialın gücləndirilməsi daxildir.

Dövlət Xərcləmələri və Maliyyə Hesabatlılığı (PEFA) üzrə Qiymətləndirmə dövlət maliyyə idarəetməsi üzrə nəticələrin və müəyyən zaman çərçivəsində islahatlarla bağlı əldə olunmuş irəliləyişlərin qiymətləndirilməsi üçün indikatorlara əsaslanan qiymətləndirmə alətidir. Bu qiymətləndirmə başa çatmış son üç maliyyə ili üzrə 6 modulda qruplaşdırılan 28 indikatora əsaslanır.

Qiymətləndirmə hökumətin müraciəti əsasında hazırlanıb, Avropa İttifaqı və İsveçrə hökuməti tərəfindən maliyyələşdirilib. Hesabat Maliyyə Nazirliyi və digər hökumət qurumları ilə sıx əməkdaşlıq nəticəsində hazırlanıb.

Dünya Bankının Azərbaycanda hazırkı investisiya portfeli 18 layihədən ibarətdir. 1992-ci ildə Dünya Bankına üzv olduqdan sonra Azərbaycanın ümumilikdə 55 layihə üzrə öhdəlikləri 3 mlrd. dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi