Dövlət Vergi Xidməti tələbələr üçün Yay Təcrübə Proqramı təşkil edəcək

Maliyyə
  • 28 mart, 2022
  • 11:05
Dövlət Vergi Xidməti tələbələr üçün Yay Təcrübə Proqramı təşkil edəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ali məktəb tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə bu ilin yayında onlar üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edəcək.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, proqram çərçivəsində tələbələr nəzəri biliklərini təcrübədə tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar. Layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır. Layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sırasına, Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən təhsil ocaqları da daxil edilib ki, bu da rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından xüsusi önəm daşıyır.

Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla iyulun 1-dən sentyabrın 2-nə qədər davam edəcək. İlkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və seminarlarda iştirak edəcək. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq.

Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcək. Sonda proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.

Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə aprelin 30-na qədər həyata keçiriləcək.

Dövlət Vergi Xidməti ali təhsil müəssisələrində Karyera Günləri təşkil edəcək, tələbələr layihə barədə daha ətraflı məlumatlandırılacaqlar.

44 filmi