DOST Agentliyi zərərdən mənfəətə keçib

DOST Agentliyi zərərdən mənfəətə keçib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) ötən ili 80 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2022-ci ildən 329 min manat zərərlə çıxmışdı.
Maliyyə
25 Oktyabr , 2024 13:09
DOST Agentliyi zərərdən mənfəətə keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2023-cü ili 80 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2022-ci ildən 329 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il DOST Agentliyinin hökumətdən alınmış subsidiyalar hesabına gəlirləri 331,72 milyon manat (əvvəlki ilə nisbətən 17,1 % çox), digər gəlirləri 80 min manat (2,4 dəfə az), heyətlə bağlı xərclər 314,254 milyon manat (16,1 % çox), köhnəlmə xərcləri 8,472 min manat (28,8 % çox), amortizasiya xərcləri 795 min manat (3,3dəfə çox), icarə xərcləri 1,822 milyon manat (9 % çox), qısamüddətli icarələr üzrə icarə obyektlərinin təkmilləşdirilməsi xərcləri 28 min manat (3,7 dəfə az), digər əməliyyat xərcləri 5,794 milyon manat (41 % çox), maliyyə xərcləri isə 555 min manat (11,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə DOST Agentliyinin aktivləri 129,383 milyon manat olub ki, bu da illik müqayisədə 13,6 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 14,9 % artaraq 119,279 milyon manata, balans kapitalı 0,8 % artaraq 10,104 milyon manata çatıb.

Xatırladaq ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu dövlət başçısının 10 dekabr 2018-ci il tarixli fərmanına əsasən təsdiq olunub. Onun nizamnamə kapitalı 10 min manatdır. 9 may 2019-cu ildə ilk "DOST" mərkəzinin açılışı baş tutub.

Son xəbərlər

Orphus sistemi