Bakı. 14 noyabr. REPORT.AZ/ "Dəmirbank" ASC-nin səhmdarları 2016-cı il avqustun 6-da keçirdikləri növbədənkənar ümumi yığıncaqda bankın nizamnamə kapitalını 50 mln. manat artırmağa qərar versə də, sonradan həmin qərara düzəliş edilib.
Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, "Dəmirbank"ın sahibləri nizamnamə kapitalını indiki 21 mln. manatdan 71 mln. manata deyil, 150 mln. manata çatdırmağa qərar veriblər. Başqa sözlə, bankın kapitalı 3 dəfə deyil, təxminən 7 dəfə artacaq.
Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhmi var. Səhmlərin 25%-i EBRD-yə, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur.