Bu ilin I yarısında internet bankçılıqla 59 milyard manat köçürmə olub

Bu ilin I yarısında internet bankçılıqla 59 milyard manat köçürmə olub Müasir dövrdə rəqəmsal bankçılıq ənənəvi bank xidmətlərinin yerini sürətlə almaqdadır.
Maliyyə
4 Avqust , 2021 11:43
Bu ilin I yarısında internet bankçılıqla 59 milyard manat köçürmə olub

Müasir dövrdə rəqəmsal bankçılıq ənənəvi bank xidmətlərinin yerini sürətlə almaqdadır. İnsanların ənənəvi bankçılığa olan bağlılığının azalmasının əsas səbəbi rəqəmsal bankçılıq xidmətlərinin vaxt itkisinə yol vermədən, uzun növbələr gözləmədən, rahat və asan formada əldə olunması imkanının mövcudluğudur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Sənəddə həmçinin deyilir ki, Azərbaycanda da müasir dövrün əsas çağırışlarından olan rəqəmsal bankçılığın inkişafı üzrə müsbət trend formalaşıb. Bu il iyulun 1-nə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü internet bankçılıq, 22-si isə mobil bankçılıq xidməti təqdim edir.

Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci ilin I yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25,5 milyon ədəd, ümumi məbləği isə 93,3 milyard manat təşkil edib. Aparılan köçürmələrin say üzrə 76%-i (19,3 milyon ədədi, məbləğ üzrə isə 70%-i (64,9 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

Bu ilin I yarısında internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 58,5%, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin məbləği isə 2,4 dəfə artaraq müvafiq olaraq 59 milyard manat və 1,6 milyard manat olub.

"2021-2023-cü illər üzrə Rəqəmsal Ödəniş Strategiyası” çərçivəsində icrası nəzərdə tutulmuş tədbirlərin effektiv realizasiyası ölkəmizdə nağdsız ödəniş göstəriciləri üzrə daha yüksək nəticələrin əldə edilməsinə, rəqəmsal bankçılıq xidmətlərinin daha sürətli inkişafına, ölkədə rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin formalaşmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi