Azərbaycanın sığorta bazarının bu ilki trendləri daşınmaz əmlakın icbari sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, KASKO və könüllü tibbi sığorta növləri üzrə olacaq.
Bunu “Report”a Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib.
Onun sözlərinə görə, sığorta sektoru üçün 2022-ci ilin ən az ötən il qədər məhsuldar və uğurlu olacağı proqnozlaşdırılır:
"Beynəlxalq risk dərəcələndirmə agentliklərinin artıq qlobal bazarlar üçün cari illə bağlı risk və sığorta proqnozları açıqlanıb. Biz də ölkəmizin sığorta sektoru ilə bağlı cari il üzrə ehtimal edilən trend və tendensiyalarını müəyyənləşdirmişik. Hesab edirik ki, 2022-ci ildə ölkəmizdə 4 sığorta istiqaməti daha aktual olacaq.
Bunlardan ilk olanı daşınmaz əmlakın icbari sığortasıdır. Ölkəmizdə həm aktiv-işlək əmlak sayında davam edən artım, həm dünyada qeydə alınan qlobal iqlim dəyişiklikləri və bunun nəticəsi olaraq fəsillərdə müşahidə olunan qeyri-sabit hava şəraiti, eyni zamanda insanların ehtiyatsızlığı daşınmaz əmlak risklərini qaçılmaz edir. Məhz bunu nəzərə alaraq deyə bilərik ki, 2022-ci ildə daşınmaz əmlakın icbari sığortası aktual istiqamətlərdən olacaq.
Daha sonra bu istiqamətdə biz istehsalat risklərindən sığortanı qeyd edə bilərik. Çünki bildiyiniz kimi, ölkəmizdə iş yerlərinin sayı durmadan artır. Həm işsizlik faizinin azaldılması ilə bağlı işlər, həm də və ələlxüsus qeyri-formal məşğulluqla mübarizə tədbirləri davam etdirilir. Bütün bu faktorlar onu deməyə əsas verir ki, 2022-ci ildə aktual olacaq sığorta növlərindən biri də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növüdür.
Eyni zamanda biz cari ildə aktual olacaq sığorta növləri sırasında KASKO-nu da xüsusi vurğulamalıyıq. Belə ki, ölkəmizə davamlı olaraq daxil olan yeni avtomobil sayında qeydə alınan artım və avtonəqliyyat vasitəsinin daim hərəkət halında, yəni risklərə hər an açıq olduğunu nəzərə almalıyıq. Bunlar da KASKO-nu aktuallaşdırmaq üçün kifayət qədər yetərli səbəblərdir deyə düşünürəm.
Son olaraq könüllü tibbi sığortanı qeyd etmək istəyirəm. Unutmamalıyıq ki, dünyada və ölkəmizdə COVID-19 pandemiyası hələ də davam edir və təəssüf ki, yeni ştammlarda inkişaf etməkdədir. Belə olan halda əminliklə deyə bilərik ki, könüllü tibbi sığorta 2022-ci ilin ən çox müraciət olunan sığorta növlərindən biri olacaq".
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin birinin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bu il trend olacaq sığorta növlərini bir neçə qrupa ayırıb:
- Yük sığortası. Pandemiya sonrası ümumi iqtisadi aktivlik gözlənilir ki, bu da idxal-ixrac əməliyyatlarının artmasına səbəb olacaq və bu öz növbəsində yük sığorta növünü aktuallaşdırır;
- Daşınmaz əmlakın icbari sığortası üzrə də aktivlik gözlənilir. Bura həm vətəndaşlara məxsus mənzillərin sığortası və həm də sahibkarlara məxsus qeyri-yaşayış sahələrini aid edə bilərik;
- Həmçinin ənənəvi KASKO-nun trenddə olacağını təxmin edirəm. Xüsusi yeni KASKO məhsullarının yaranacağını ehtimal etmək olar.
Trendlərin növbəti qrupu kimi S.Məmmədov sistemli yanaşmaya diqqət yetirdi:
- Sığorta hadisəsi nəticəsində zərərin tənzimlənməsi üzrə müəyyən addımların atılacağını gözləmək olar. Xüsusən də dəyən zərər məbləğinin müəyyənləşdirilməsi istiqamətində;
- Elektronlaşma üzrə işlərin sürətləndirilməsi;
- Sığorta üzrə maarifləndirmə, təbliğat və təşviqat işlərinin davam edəcəyi gözlənilir.
Sığorta üzrə mütəxəssis İlkin İbrahimovun fikrincə isə, bu il icbari tibbi sığorta böyük ehtimalla trenddə olacaq:
"İcbari tibbi sığortanın işlənmə məxanizmi ötən il bütün ölkə boyu yayılıbsa, artıq bu ildən bunun genişlənməsi, vətəndaşlar arasında qavranması və bununla bağlı problemin aradan qaldırılması nəzərdə tutulub. Həm kadr formalaşması, həm də müştəri şikayətlərinin aradan qaldırılması nəzərdə tutulub. Trenddə daşınmaz əmlakın icbari sığortası da olacağ gözlənilir”.