BFB Abu-Dabidə keçirilmiş İllik İnvestisiya Toplantısında iştirak edib

BFB Abu-Dabidə keçirilmiş İllik İnvestisiya Toplantısında iştirak edib "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə heyətinin sədri Ruslan Xəlilov aprelin 7-9-da Abu-Dabidə keçirilmiş İllik İnvestisiya Toplantısı (AIM) Konqresi çərçivəsində baş tutmuş fond birjaları rəhbərlərinin dəyirmi masa toplantısında iştirak edib.
Maliyyə
14 aprel 2025 17:55
BFB Abu-Dabidə keçirilmiş İllik İnvestisiya Toplantısında iştirak edib

"Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə heyətinin sədri Ruslan Xəlilov aprelin 7-9-da Abu-Dabidə keçirilmiş İllik İnvestisiya Toplantısı (AIM) Konqresi çərçivəsində baş tutmuş fond birjaları rəhbərlərinin dəyirmi masa toplantısında iştirak edib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, tədbirin məqsədi dünyanın aparıcı fond birjalarının rəhbərlərini bir araya gətirərək, 2025-ci ildə qlobal maliyyə bazarlarında baş verən dəyişiklikləri müzakirə etmək, yeni tendensiyalar üzrə fikir mübadiləsi aparmaq, bazar dəyişikliklərinə yönəldilmiş innovativ həll yollarını və davamlı inkişaf strategiyalarını araşdırmaq, eləcə də fond birjaları arasında əməkdaşlığı gücləndirmək və ortaq çağırışlara və imkanlara birlikdə cavab vermək üçün platforma yaratmaqdır. Həmçinin tədbirdə bazar sabitliyinin, şəffaflığın və investor etimadının artırılmasına yönəlmiş birgə strategiyalar da müzakirə olunub. Görüş çərçivəsində əsas diqqət üç istiqamətə yönəldilib: tənzimləyici çağırışlar və imkanlar, ölkələrarası listinq və əməkdaşlıq, həmçinin dayanıqlı maliyyələşmə və ESG inteqrasiyası.

R.Xəlilov çıxışı zamanı Azərbaycanın kapital bazarlarının inkişafına dair yol xəritəsini təqdim edərək, ilkin kütləvi təklif (İKT) üçün nəzərdə tutulmuş hədəfli korporativ vergi güzəştləri, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə uyğunlaşdırılmış hüquqi çərçivələr, eləcə də ölkələrarası listinq proseslərinin sadələşdirilməsi kimi təşəbbüslər haqqında danışıb. Eyni zamanda, fond birjalarının konsolidasiyası mövzusuna toxunaraq, bu prosesin investor çıxışının genişlənməsi və likvidliyin artırılması kimi üstünlükləri ilə yanaşı, texniki inteqrasiya və sistem riskləri baxımından da diqqətlə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

AIM Konqresini AIM Qlobal Fondu təşkil edib və müxtəlif formatlarda keçirilən tədbirləri – forumlar, dialoq sessiyaları, seminarlar, yüksək səviyyəli görüşlər, AIM investisiya mükafatları və sərgisi, startap yarışmaları və ölkə üzrə spesifik investisiya imkanlarının təqdimatlarını özündə birləşdirib. Konqres 8 əsas sahəni əhatə edir: xarici birbaşa investisiyalar (FDI), qlobal ticarət, startaplar və “unicorn”lar, gələcəyin şəhərləri, gələcəyin maliyyəsi, qlobal istehsalat, rəqəmsal iqtisadiyyat və sahibkarlıq.

Orphus sistemi