Belarus və Azərbaycan arasında tikinti, şəhərsalma, sənaye və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlıq müzakirə edilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu gün Minskdə Belarusun Baş naziri Roman Qolovçenko və Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev arasında görüş keçirilib.
“Siz artıq bir sıra görüşlər və danışıqlar aparmısınız və hesab edirəm ki, Belarusun sənaye və kənd təsərrüfatı potensialı, Belarus-Azərbaycan əməkdaşlığının prioritet istiqamətlərini bilirsiniz. Sizin diplomat kimi fəaliyyət sahəniz çox genişdir. Ümidvaram ki, vəzifəniz uğurlu olacaq və ticari-iqtisadi əməkdaşlığımızın inkişafına töhfə verəcək. Koronavirus pandemiyasına və qlobal iqtisadiyyatdakı böhrana baxmayaraq, göstəricilərimiz çox yaxşıdır. 2020-ci ildə ticarətdə yaxşı nəticə əldə etdik. Bu ilin yanvar-oktyabr aylarında isə birgə səylər sayəsində ticarət dövriyyəsi daha 20 % artıb.
Belarus və Azərbaycan sənaye sahəsində layihələr həyata keçirirlər. Belarus traktorlarının Azərbaycana maşın dəstləri tədarükü artmaqdadır. Biz həmçinin tikinti və şəhərsalma da daxil olmaqla bir sıra sahələr üzərində işləyirik. Azərbaycanda şəhərlərin inkişafı planlarını hazırlamaq üçün layihə institutlarımız arasında müqavilə sənədləri var. Ümid edirəm ki, Hökumətlərarası Komissiyanın növbəti iclası çox yaxın vaxtlarda keçiriləcək. Biz Belarus müəssisələrinin Azərbaycan infrastrukturunun bərpasında iştirakını aktivləşdirməliyik”, - Roman Qolovçenko deyib.
Baş nazir bildirib ki, xüsusi ilə Belarusa sanksiyalar tətbiq edən ölkələrdən bir sıra ərzaq məhsullarının idxalına qadağamız fonunda Azərbaycanın Belarusa meyvə və tərəvəz tədarükünü artırmaq üçün yaxşı potensial var. Belarus və Belarus xalqı həm beynəlxalq aləmdə, həm də ikitərəfli münasibətlərdə həmişə hiss etdiyimiz dəstəyinə görə Azərbaycana minnətdardır.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə artaraq 442 milyon ABŞ dolları təşkil edib. Belarusun Azərbaycana ixrac etdiyi əsas məhsullara - lifli taxta, taxta-şalban, mebel, dərmanlar, transformatorlar, kərə yağı, mal əti, pendir və kəsmik, ayran, qatıq, kefir və digər mallar daxildir. Belarus isə Azərbaycandan neft, propilen polimerləri, pomidor, qoz-fındıq və spirtli içkilər idxal edib.
Azərbaycanda 50-dən çox Belarus müəssisəsini təmsil edən 5 distribütor şəbəkəsi və 45 diler fəaliyyət göstərir. 2017-ci ildə Minskdə Azərbaycan Ticarət Evi açılıb, ona Belarus bazarına bir qrup ərzaq məhsulunun tədarükü üçün güzəştli rejim verilib.
Gəncə Avtomobil Zavodunda Belarus brendlərinin geniş çeşidli məhsullarının: traktorların, kənd təsərrüfatı, sərnişin və avtomobil avadanlıqlarının müxtəlif modifikasiyalarının yığılması üzrə birgə xətt fəaliyyət göstərir.