“Bank VTB Azərbaycan" ötən ili mənfəətlə başa vurub
- 25 yanvar, 2023
- 08:17
“Bank VTB Azərbaycan” ASC 2022-ci ili 11,904 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2021-ci ildən 4,213 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 39,23 milyon manat (əvvəlki illə müqayisədə 57,5 % çox), xərcləri 36,469 milyon manat ( 28,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 11,428 milyon manat (49,1 % çox), mənfəət vergisi ödəmələri isə 2,284 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 238,493 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7 % çoxdur. Bunun 137,713 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,4 % kiçilib.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 3,3 % azalaraq 158,275 milyon manat, o cümlədən depozit portfeli 6,8 % artaraq 94,851 milyon manat, balans kapitalı isə 16,7 % artaraq 80,219 milyon manat olub.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.