“Bank VTB Azərbaycan"ın mənfəəti 7 % azalıb
- 25 iyul, 2023
- 06:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 5,747 milyon manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,4 % azdır.
Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 16,624 milyon manat (illik müqayisədə 18,9 % az), xərcləri 15,648 milyon manat (18,3 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 4,772 milyon manat (2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 234,34 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,2 % çoxdur. Bunun 152,653 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,3 % böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 15 % artaraq 148,133 milyon manata, o cümlədən depozit portfeli 30 % artaraq 84,633 milyon manata, balans kapitalı isə 15,6 % artaraq 86,208 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.