“Bank Respublika” və IFC sahibkarlığın dəstəklənməsi üçün iri məbləğli kredit sazişi imzalayıb

“Bank Respublika” və IFC sahibkarlığın dəstəklənməsi üçün iri məbləğli kredit sazişi imzalayıb Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Maliyyə
26 Yanvar , 2023 10:30
“Bank Respublika” və IFC sahibkarlığın dəstəklənməsi üçün iri məbləğli kredit sazişi imzalayıb

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.

Bank bu dəfə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycanda kiçik sahibkarlığın, eləcə də qadın sahibkarlığının dəstəklənməsi məqsədilə 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb. Bu, son illər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan bankları arasında imzalanan ən böyük kredit müqavilələrindən biridir.

Layihəni IFC-nin Qadın sahibkarları üçün maliyyə təşəbbüsü və Qadın sahibkarları üçün imkanlar proqramı dəstəkləyir. Layihənin əsas məqsədi post-pandemiya dövründə iqtisadi fəallığı təşviq etməklə, bank tərəfindən mikro, kiçik və orta sahibkarların (MKOS-ların), o cümlədən qadın sahibkarların kreditləşməsini genişləndirməkdir.

“Bankımızın fəaliyyət strategiyasında real sektorun, xüsusən də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi əsas hədəf olduğundan, bu sahənin inkişafına xüsusi diqqət göstəririk. Əminik ki, dünyanın aparıcı maliyyə qurumlarından olan IFC-nin strategiyamıza inam göstərərək dəstəkləməsi, “Bank Respublika”nın qarşıya qoyduğu hədəflərə uğurla çatmasında öz müsbət töhfəsini verəcək,” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

“Qlobal miqyasda pandemiya məhz kiçik bizneslərə, xüsusilə qadın sahibkarlarına daha ciddi təsir göstərdi. Azərbaycan da burada istisna deyil. IFC-nin maliyyə paketi “Bank Respublika”ya bu zəruri biznesləri dəstəkləməyə kömək edəcək, o cümlədən maliyyə sektorunun dayanıqlığını artırmağa və post-pandemiya dövründə iqtisadiyyatı canlandırmaq səylərini möhkəmləndirməyə öz töhfəsini verəcək,” – IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh qeyd edib.

IFC-nin ayırdığı maliyyə vəsaitləri, MKOS-lar üçün maliyyə əlçatanlığını və iqtisadiyyatın rəqabətə davamlılığını artırmaq kimi məqsədlər güdən Dünya Bankı Qrupunun Azərbaycan üzrə strategiyasına uyğundur. O, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer alan kiçik biznesləri dəstəkləyərək iqtisadi artımı sürətləndirmək və iş yerlərin yaradılmasını təşviq etmək kimi vəzifələrlə uzlaşır.

Azərbaycan 1995 ildən etibarən IFC-nin üzvüdür. Indiyə qədər Korporasiya Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon dollara yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) investisiya qoyub. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dolları məbləğində ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib.

IFC Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımına fokuslanmış ən iri inkişaf təşkilatıdır. Korporasiya 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 32,8 milyard dolları məbləğində rekord maliyyə ayırıb, iqtisadiyyatlar qlobal mürəkkəbləşmə böhranlarının təsirləri ilə mübarizə apararkən, ifrat yoxsulluğa son qoymaq və ümumi rifahı artırmaq üçün özəl sektorun gücündən istifadə edib. Daha ətraflı məlumat üçün: www.ifc.org

Son xəbərlər

Orphus sistemi