Bakı. 25 oktyabr. REPORT.AZ/ "Bank Respublika" ASC-nin səhmdarlarının noyabrın 21-i, saat 11:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağı noyabrın 30-u, saat 15:00-a keçirilib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncağın yeri isə dəyişdirilməyib və Bankın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi,21 ünvanındakı baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması, bununla əlaqədar Bankın nizamnaməsinə dəyişiklik edilməsi, eləcə də kredit təşkilatının Müşahidə Şurası üzvlərinin təyin edilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57 461 021 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,45 manat olan 23 453 478 səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki və 5 hüquqi şəxsə məxsusdur. Bankın səhmdarları arasında Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.