Bank rəsmisi: "Qeyri-kredit əməliyyatlarının 90%-dən çoxu rəqəmsal kanallarla aparılır"
- 22 noyabr, 2022
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC-nin strategiyasının ən önəmli qolu rəqəmsallaşmadır. Hazırda kiçik və orta sahibkarlıq üçün qeyri-kredit məhsulları üzrə əməliyyatların 99 %-i rəqəmsal kanallarla aparılır.
"Report" xəbər verir ki, bunu Bankın 6 aylıq fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında qurumun İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev bildirib.
"Bizim üçün xüsusilə kiçik və orta sahibkarlarla əməliyyatları ənənəvi yolla deyil, rəqəmsal kanallar vasitəsi ilə həyata keçirmək önəmlidir. Bunun sayəsində I yarımildə müştəri bazamızı 53 % artırmışıq", - deyə o, qeyd edib,
B.Nağıyev korporativ bankçılığın da Bankın strategiyasının əsas qollarından biri olduğunu bildirib: “Burada kiçik və orta sahibkarlıqda olduğu kimi əməliyyatların 96%-ni rəqəmsal kanallar vasitəsilə aparırıq. Son 6 ayın nəticələrini ümumi bazarla müqayisə etdikdə, biz korporativ sektorda bazar payımızı qoruyub saxlaya bilmişik. 272 milyon manatlıq portfelimiz var və ötən ilin eyn dövrü ilə müqayisədə əlavə 92 milyon manatlıq maliyyələşmə deməkdir".
O, müsbət nəticələr əldə etmək üçün kibertəhlükəsizliyin önəmli olduğunu bildirib: “Bu sahədə investisiyalarımız davam edir. Beyynəlxalq standartlarda tələb olunan kibertəhlükəsizlik üzrə proqram təminatları nədirsə biz həmin məhsulları alırıq. Əldə etdiyimiz müştərilərin məlumatlarının keyfiyyətli şəkildə qorunması dataya edilən investisiyalardan asılıdır".
Sədr müavini əsas məqsədlərinin risk sağlamlıq indeksini beynəlxalq standartlara çatdırmaq olduğunu da qeyd edib: “Beynəlxalq bazarda banklar və maliyyə resursları üçün risk sağlamlıq indeksi deyilən bir göstərici var. Bizdə bu indeksə ciddi yanaşırıq və izləyirik. Həmin indeksin formalaşması risk funksiyasının strukturunda riskə aid bütün sahələrin inkişafına bağlıdır. Bunun üçün investisiya və insan kapitalı tələb olunur”.