Bank Ombudsmanı sentyabrda 5 müraciət qəbul edib

Bank Ombudsmanı sentyabrda 5 müraciət qəbul edib Müraciətlərin 5-nin də araşdırılmasından imtina olunub
Maliyyə
2 Oktyabr , 2017 14:45
Bank Ombudsmanı sentyabrda 5 müraciət qəbul edib
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış Bank Ombudsmanı institutu fəaliyyət göstərdiyi ilk 1 ay ərzində (sentyabrda) rəsmi şəkildə 5 müraciət qəbul edib.

Bu barədə “Report”a açıqlamasında qurumun məsul katibi Elçin Həsənov məlumat verib.

“Bu müraciətlərdən 2-si dəyəri 2 min ABŞ dollarından və yaxud 3 400 manatdan çox olan (təxminən, 6 min və 20 min dollarlıq) mübahisəli məsələ ilə bağlı olub. Təbii ki, Bank Ombudsmanı onlara baxa bilməz. Bir müraciətlə bağlı hələ ki, məhkəmə prosesi gedir. Qalan iki müraciət isə banka baş vurmadan birbaşa edilib. Halbuki, vətəndaş ilk növbədə banka müraciət etməlidir, 30 iş günü ərzində gözləməlidir və müraciətə baxılmazsa, yalnız bundan sonra Bank Ombudsmanına üz tuta bilər. Yəni, bankın imtina barədə məktubu olmalıdır. Beləliklə, həmin 5 müraciətin 5-nin də araşdırılmasından imtina edib”, - deyə o qeyd edib.

Bununla yanaşı, E.Həsənovun sözlərinə görə, Bank Ombudsmanına telefonla da müraciət edilir və belə insanların sayı həddindən çoxdur: “Təəssüf ki, telefonla müraciətlər bizə aidiyyəti olmayan məsələlərlə bağlıdır. Məsələn, kiminsə kredit tarixçəsi pisdir və bank ona kredit vermirsə, Bank Ombudsmanına zəng edir. Halbuki, kreditləşmə bankın daxili işidir və buna heç nə edə bilmərik. Həmçinin, kredit borcunun bağışlanması üçün müraciət edənlər də var. Halbuki, bu məsələnin də Bank Ombudsmanına aidiyyəti yoxdur”.

Son xəbərlər

Orphus sistemi