“Bank of Baku” ötən ilin maliyyə nəticələrini açıqlayıb
- 24 yanvar, 2022
- 09:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank of Baku” ASC 2021-ci ili 23,06 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 82% çoxdur.
Ötən il “Bank of Baku”nun gəlirləri 77,873 milyon manat (əvvəlki illə müqayisədə 23,6% çox), xərcləri 57,287 milyon manat (15,8% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 11,124 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 8,65 milyon manat (92,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank of Baku”nun aktivləri 497,494 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,5% çoxdur. Bunun 344,506 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 43,9 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 21% artaraq 403,019 milyon manata, o cümlədən depozit portfeli 27,7% artaraq 247,177 milyon manata, balans kapitalı isə 23,7% artaraq 94,475 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.