“Bank of Baku”nun xalis mənfəəti kəskin artıb
- 19 oktyabr, 2021
- 08:32
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 16,788 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 94,9% çoxdur.
9 ay ərzində “Bank of Baku”nun gəlirləri 55,621 milyon manat (illik müqayisədə 16,6% çox), xərcləri 40,278 milyon manat (10,1% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 6,77 milyon manat (15,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 5,325 milyon manat (82,2% çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Bank of Baku”nun aktivləri 494,464 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,4% çoxdur. Bunun 312,415 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27,5% böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 24,6% artaraq 400,316 milyon manat, o cümlədən depozit portfeli 31,5% artaraq 237,768 milyon manata, balans kapitalı isə 29,1% artaraq 94,149 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.