“Bank of Baku”nun xalis mənfəəti 4 % azalıb
- 26 aprel, 2023
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank of Baku” ASC bu ilin I rübünü 9,539 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 % azdır.
Yanvar-mart aylarında “Bank of Baku”nun gəlirləri 31,855 milyon manat (illik müqayisədə 31,8 % çox), xərcləri 23,879 milyon manat (43,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5,392 milyon manat (48,1 % çox), mənfəət vergisi ödəmələri isə 3,83 milyon manat (3 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə “Bank of Baku”nun aktivləri 736,13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 40,3 % çoxdur. Bunun 522,536 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 43,2 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 43,6 % artaraq 603,628 milyon manata, o cümlədən depozit portfeli 57 % artaraq 391,278 milyon manata, balans kapitalı isə 27,1 % artaraq 132,502 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.