“Bank of Baku”nun xalis mənfəəti 35 % azalıb
- 13 iyul, 2024
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank of Baku” ASC bu ilin I yarısını 11,009 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,4 % azdır.
Yanvar-iyun aylarında “Bank of Baku”nun gəlirləri 80,896 milyon manat (illik müqayisədə 21,9 % çox), xərcləri 67,178 milyon manat (34 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 964 min manat (86,8 % az), mənfəət vergisi ödəmələri isə 3,671 milyon manat (43,6 % az) təşkil edib.
Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 951,091 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,7 % çoxdur. Bunun 653,129 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,5 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 22,1 % artaraq 811,089 milyon manata, o cümlədən depozit portfeli 31,8 % artaraq 580,332 milyon manata, balans kapitalı isə 7,4 % artaraq 140,001 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.