“Bank of Baku”nun xalis mənfəəti 2 dəfədən çox artıb
- 20 aprel, 2022
- 07:04
“Bank of Baku” ASC bu ilin I rübünü 9,883 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
Yanvar-mart aylarında “Bank of Baku”nun gəlirləri 24,175 milyon manat (illik müqayisədə 39,3% çox), xərcləri 16,648 milyon manat (26,4% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 3,642 milyon manat (5,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,286 milyon manat (62,8% çox) təşkil edib.
Bu il aprelin 1-nə “Bank of Baku”nun aktivləri 524,675 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,4% çoxdur. Bunun 364,913 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 42,3% böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 19,7% artaraq 420,413 milyon manata, o cümlədən depozit portfeli 21,9% artaraq 249,28 milyon manata, balans kapitalı isə 28,9% artaraq 104,262 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.