“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb
- 25 iyul, 2023
- 13:19
“Bank of Baku” ASC bu ilin I yarısını 17,044 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % azdır.
Yanvar-iyun aylarında “Bank of Baku”nun gəlirləri 66,358 milyon manat (illik müqayisədə 29,8 % çox), xərcləri 50,123 milyon manat (45,8 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 7,322 milyon manat (29,1 % çox), mənfəət vergisi ödəmələri isə 6,514 milyon manat (66,9 % çox) təşkil edib.
Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 794,411 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur. Bunun 556,06 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34,1 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 39,5 % artaraq 664,033 milyon manata, o cümlədən depozit portfeli 60,1 % artaraq 440,312 milyon manata, balans kapitalı isə 25,5 % artaraq 130,378 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.