“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 16 aprel, 2025
  • 12:35
“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb

“Bank of Baku” ASC bu ilin I rübünü 7,143 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.

Yanvar-mart aylarında “Bank of Baku”nun gəlirləri 44,838 milyon manat (illik müqayisədə 14,8 % çox), xərcləri 35,313 milyon manat (8,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 339 min manat (1 il bundan əvvəl ayırma olub), mənfəət vergisi ödəmələri isə 2,72 milyon manat (2,1 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə “Bank of Baku”nun aktivləri 1 milyard 5,059 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,9 % çoxdur. Bunun 720,197 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,1 % böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 7,9 % artaraq 842,025 milyon manata, o cümlədən depozit portfeli 8,6 % artaraq 618,467 milyon manata, balans kapitalı isə 14,4 % artaraq 163,034 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

44 filmi