"Bank of Baku" kreditləri bahalaşdırıb
- 03 noyabr, 2016
- 08:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 noyabr. REPORT.AZ/ "Bank of Baku" ASC müştərilərə verdiyi kreditlərin illik faiz dərəcəsini artırıb. Bu barədə "Report"a bankdan bildirilib.
Məlumata görə, kreditlərin bahalaşması istehlak, həm də biznes kreditlərində baş verib. Belə ki, əgər indiyə qədər ev təsərrüfatlarına kredit illik 26-28%-lə ayrılırdısa, hazırda bu göstərici 26-32%-dir. Sahibkarlara verilən kreditlərin illik faiz dərəcəsi isə 27-28%-dən 27-32%-ə çatdırılıb. Hazırda bank ucuz krediti yalnız müsbət tarixçəyə malik, təkrar müştərilərinə verir.
Qeyd edək ki, "Bank of Baku"da istehlak kreditlərinin maksimum məbləği 30 min manatdır. Biznes kreditləri isə ən çox 300 min manat olmaqla ayrılır. Kreditləri ən çox 3 il müddətə götürmək mümkündür.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.