"Bank BTB" ötən ili zərərlə başa vurub
- 25 yanvar, 2023
- 14:06
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bank BTB” ASC 2022-ci ili 4,975 milyon manat zərərlə başa vurub. Halbuki, Bank 2021-ci ildən 546 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Bank BTB”nın gəlirləri 32,037 milyon manat (əvvəlki illə müqayisədə 1,8 % çox), xərcləri 31,189 milyon manat (0,5 % az), xüsusi ehtiyatlara ayırmaları isə 5,823 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə "Bank BTB”nin aktivləri 374,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 % azdır. Bunun 251,203 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,1 % böyüyüb.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 5,6 % artaraq 324,146 milyon manata, o cümlədən depozit portfeli 8 % artaraq 159,224 milyon manata çatıb, balans kapitalı isə 9 % azalaraq 50,054 milyon manata düşüb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.