"Bank BTB”nin zərəri 2 dəfə azalıb
- 14 oktyabr, 2024
- 10:38
"Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 494 min manat zərərlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 50,1 % və yaxud 2 dəfə azdır.
9 ay ərzində "Bank BTB”nın əməliyyat gəlirləri 27,557 milyon manat (illik müqayisədə 6,5 % çox), əməliyyat xərcləri 23,722 milyon manat (1 % az), xüsusi ehtiyatlara ayırmalara 449 min manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz xərcləri isə 3,88 milyon manat (28,3 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə "Bank BTB”nin aktivləri 368,238 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3 % azdır. Bunun 275,192 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,6 % kiçilib.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 3,4 % azalaraq 316,246 milyon manat, o cümlədən depozit portfeli 1,8 % artaraq 150,047 milyon manat, balans kapitalı isə 5,6 % artaraq 51,991 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,5 % artaraq 71,45 milyon manat olub.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.