"Bank BTB”nin mənfəəti 27 % azalıb
- 12 iyul, 2024
- 12:54
"Bank BTB” ASC bu ilin I yarısını 226 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,9 % azdır.
Yanvar-iyun aylarında "Bank BTB”nın əməliyyat gəlirləri 17,978 milyon manat (illik müqayisədə 6,7% çox), əməliyyat xərcləri 15,652 milyon manat (1,8 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 687 min manat (3,3 dəfə az), gözlənilməz xərcləri isə 2,786 milyon manat (2,2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Bank BTB”nin aktivləri 366,259 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,9 % azdır. Bunun 273,585 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,4 % böyüyüb.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 5,2 % azalaraq 313,617 milyon manat, o cümlədən depozit portfeli demək olar ki, dəyişməyərək 148,631 milyon manat, balans kapitalı isə 4,7 % artaraq 52,642 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,5 % artaraq 71,45 milyon manat olub.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmləri Nigar Mehdiyevaya, Rza Sadiqə (Müşahidə Şurasının sədri) və Tükəzban Mahmudovaya məxsusdur.