"Bank BTB”nin səhmləri üzrə hərracın tarixi açıqlanıb
- 12 mart, 2024
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 14-19-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Bank BTB” ASC-nin 5 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Sabah qiymətli kağızlara abunə yazılışı olacaq. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.
Qiymətli kağızlar tam yerləşdirilsə, Bankın nizamnamə kapitalı 7,5 % artaraq 66,45 milyon manatdan 71,45 milyon manata çatacaq.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.