"Bank BTB”nin aktivləri azalıb

Maliyyə
  • 14 aprel, 2025
  • 17:31
Bank BTB”nin aktivləri azalıb

"Bank BTB” ASC bu ilin I rübünü 814 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,3 dəfə çoxdur.

Yanvar-mart aylarında "Bank BTB”nın gəlirləri 9,393 milyon manat (illik müqayisədə 8 % çox), xərcləri 8,17 milyon manat (4,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 410 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Bank BTB”nin aktivləri 367,313 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % azdır. Bunun 269,594 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,6% kiçilib.

Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 0,4 % azalaraq 314,962 milyon manat, o cümlədən depozit portfeli 1,9 % azalaraq 146,908 milyon manat, balans kapitalı isə 0,6 % azalaraq 52,351 milyon manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.