"Bank BTB” bu ilin I yarısını zərərlə başa vurub
- 22 iyul, 2022
- 07:02
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bank BTB” ASC bu ilin I yarısını 5,274 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 538 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-iyun aylarında "Bank BTB”nın gəlirləri 15,701 milyon manat (illik müqayisədə 4,1% çox), xərcləri 15,627 milyon manat (4,3% çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,348 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il iyulun 1-nə "Bank BTB”nin aktivləri 354,384 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2 % azdır. Bunun 238,306 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,5 % böyüyüb.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 1,5 % artaraq 304,629 milyon manata, o cümlədən depozit portfeli 0,9 % artaraq 139,959 milyon manata çatıb, balans kapitalı isə 9,4% azalaraq 49,755 milyon manata düşüb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.