"Bank BTB" 3 milyon manatlıq istiqraz buraxır
- 10 aprel, 2025
- 17:51
"Bank BTB" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 3 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 84 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.