“Bank Avrasiya”nın xalis mənfəəti 2 dəfədən çox artıb
- 25 yanvar, 2023
- 05:24
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank Avrasiya” ASC 2022-ci ili 1,815 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,3 dəfə çoxdur.
Ötən il “Bank Avrasiya”nın gəlirləri 15,525 milyon manat (əvvəlki illə müqayisədə 11,2 % çox), xərcləri 9,115 milyon manat (16,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 4,01 milyon manat (21,2 % az), gözlənilməz gəlirləri 1 min manat (5 dəfə az), mənfəət vergisi ödəmələri isə 586 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 224,268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 33,9 % çoxdur. Bunun 109,937 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,2 % böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 57,2 % artaraq 150,461 milyon manata, o cümlədən depozit portfeli 59,2 % artaraq 79,699 milyon manata, balans kapitalı isə 2,9 % artaraq 73,807 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.