"Bank Avrasiya"nın xalis mənfəəti 40 %-dən çox azalıb

Maliyyə
  • 16 yanvar, 2025
  • 06:33
Bank Avrasiyanın xalis mənfəəti 40 %-dən çox azalıb

"Bank Avrasiya" ASC 2024-cü ili 3,93 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 40,7 % azdır.

Ötən il "Bank Avrasiya"nın əməliyyat gəlirləri 17,725 milyon manat (illik müqayisədə 4,6 % az), əməliyyat xərcləri 11,9 milyon manat (4 % az), xüsusi ehtiyatlara ayırmaları 1,254 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz gəlirləri 40 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 1,491 milyon manat (29,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Bank Avrasiya"nın aktivləri 200,978 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,9 % çoxdur. Bunun 123,026 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,9 % kiçilib.

Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 11,8 % artaraq 116,333 milyon manat, o cümlədən depozit portfeli 30 % artaraq 63,015 milyon manat, balans kapitalı isə 5,2 % artaraq 84,645 milyon manat, o cümlədən nizamnamə kapitalı 43,6 % artaraq 71,8 milyon manat olub.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.

44 filmi