“Bank Avrasiya”nın mənfəəti 2 dəfədən çox artıb
- 25 aprel, 2022
- 09:26
“Bank Avrasiya” ASC bu ilin I rübünü 763 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Yanvar-mart aylarında “Bank Avrasiya”nın gəlirləri 3,567 milyon manat (illik müqayisədə 7,5 % çox), xərcləri 1,861 milyon manat (15,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 941 min manat (30,5 % az) təşkil edib.
Bu il aprelin 1-nə “Bank Avrasiya”nın aktivləri 176,753 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,8% çoxdur. Bunun 97,603 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli cüzi böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 20,2% artaraq 104,199 milyon manata, o cümlədən depozit portfeli 43,4 % artaraq 58,896 milyon manata, balans kapitalı isə 1,5 % artaraq 72,553 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.