“Bank Avrasiya” bu ilin I yarısını mənfəətlə başa vurub
- 18 iyul, 2022
- 05:36
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank Avrasiya” ASC bu ilin I yarısını 165 min manat mənfəətlə başa vurub. Halbuki, bank ötən ilin eyni dövründən 3,929 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 7,33 milyon manat (illik müqayisədə 9 % çox), xərcləri 3,985 milyon manat (16,2 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 3,18 milyon manat (56 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Bank Avrasiya”nın aktivləri 182,688 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,3 % çoxdur. Bunun 93,62 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,7% kiçilib.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 29,1 % artaraq 110,708 milyon manata, o cümlədən depozit portfeli 53,8 % artaraq 61,295 milyon manata, balans kapitalı isə 6,7 % artaraq 71,98 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.