“Bank Avrasiya” 9 ayı mənfəətlə başa vurub
- 24 oktyabr, 2022
- 05:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 1,09 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 2,798 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-sentyabr aylarında “Bank Avrasiya”nın gəlirləri 11,288 milyon manat (illik müqayisədə 9,6 % çox), xərcləri 6,245 milyon manat (14,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 3,952 milyon manat (48,3 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Bank Avrasiya”nın aktivləri 205,501 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,7 % çoxdur. Bunun 104,249 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,6 % böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 49 % artaraq 132,589 milyon manata, o cümlədən depozit portfeli 48,2 % artaraq 64,432 milyon manata, balans kapitalı isə 6,9 % artaraq 72,912 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.