Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakıda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin baş sponsorluğu, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı ilə “Human Capital Forum–2018” işə başlayıb.
"Report"un verdiyi xəbərə görə, forumun təşkilində məqsəd insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaq, HR sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaqdır.
Tədbirdə maliyyə qurumlarının HR menecerləri, HR Society-nin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak edirlər.
Forum 2 paneldən ibarətdir. Burada yerli və xarici spikerlər 10 mövzu üzrə öz təcrübələrini bölüşəcəklər. Digital HR, insan kapitalının formalaşdırılmasında HR menecerlərinin rolu, bu sahədə qiymətləndirmə alətləri, işçi məmnunluğunun əsas amilləri, rəhbər-işçi münasibətlərinin səmərəliliyi, insanların davranış və ünsiyyət tərzlərinin qiymətləndirilməsində dördölçülü davranış modelinin (DİSC) yaratdığı imkanlar, insan resurslarının idarə olunması sahəsində beynəlxalq trendlər və s. müzakirə ediləcək mövzulara daxildir. Forumda təqdimatlarla yanaşı, könüllülərin iştirakı ilə praktik sınaqlar da nümayiş etdiriləcək.