Bakıda Azərbaycan-Xorvatiya İqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib

Bakıda Azərbaycan-Xorvatiya İqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.
Maliyyə
28 Noyabr , 2017 18:46
Bakıda Azərbaycan-Xorvatiya İqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.

“Report”un Vegilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişə nail olunduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirib, gələcək əməkdaşlıq sahələrini genişləndirmək məqsədilə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədov bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, ölkələrin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb. 

Nazir indiyədək hər iki ölkədə işgüzar dairələr arasında birbaşa təmasların inkişafı baxımından əhəmiyyət kəsb edən 4 biznes-forum keçirildiyini diqqətə çatdırıb. 

Energetika sahəsində əməkdaşlığın önəmini vurğulayan nazir bildirib ki, Xorvatiya Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Transadriatik Qaz Kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Azərbaycan eyni zamanda həm TAP, həm də İon-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir. Qeyd olunub ki, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri tamamlanaraq İon-Adriatik kəməri ilə bir şəbəkəyə qoşulmaqla gələcəkdə Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlinə nail olunacaq.

Xorvatiya tərəfdən Birgə Komissiyanın həmsədri, baş nazirin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç Birgə Komissiyanın ilk iclasının müxtəlif sahələrdə uğurlu əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Xorvatiya arasında sənaye, energetika, nəqliyyat, idman, turizm, təhsil, xüsusilə informasiya texnologiyaları sahəsində mövcud potensialı reallaşdırmaq üçün geniş imkanlar mövcuddur.

İclasın sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın I iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - F.Məmmədov və M.Daliç imzalayıblar.

İclas çərçivəsində F.Məmmədov və M.Daliçin təkbətək görüşü də keçirilib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub, ölkələr arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi