“Bakı Fond Birjası” QSC (BFB) nizamnamə kapitalının 3,78 milyon manat (4 dəfə) artırılaraq 1,26 milyon manatdan 5,04 milyon manata çatdırılması prosesini yekunlaşdırıb.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı gözlənildiyi kimi, Birjanın dövriyyədə olan 6 300 səhminin nominal dəyərinin 200 manatdan 800 manata çatdırılması hesabına baş tutub. Səhmdar lazımi vəsaiti ötən illərin bölüşdürülməmiş mənfəəti hesabına təmin edib.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur.