Azərbaycanda pul bazası azalır

Azərbaycanda pul bazası azalır "Report": Mərkəzi Bank inflyasiyanın monetar amillərinin azaldılması üçün qabaqlayıcı tədbirlər görür
Maliyyə
4306
5 Noyabr , 2014 06:31
Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda pul bazası son bir il ərzində 745,8 mln. manat və ya 7,0% artaraq 2014-cü il noyabrın 1-nə 11,478 mlrd. manata çatıb. “Report”un xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

AMB-dən bildirilib ki, bu ilin əvvəlindən pul bazası 163,9 mln. manat və ya 1,4% azalıb. Aylıq müqayisədə isə azalma ardıcıl iki ay davam edir. Belə ki, sentyabrda azalma 197,1 mln. manat, oktyabrda 68,5 mln. manat təşkil edib ki, nəticədə noyabrın 1-nə olan göstərici yanvarın 1-nə nisbətən az olub.

Qeyd edək ki, pul bazasına Mərkəzi Bank tərəfindən buraxılan nağd pul və kommersiya bankları tərəfindən AMB-də saxlanılan məcburi ehtiyatlar daxildir. "Report"un analitikləri hesab edirlər ki, pul kütləsinin tərkibi üzrə noyabrın 1-nə olan statistika hazır olmadığından, hələlik açıqlanılmayıb və bu səbəbdən pul bazasının hansı tərkib hissənin hesabına azaldığı dəqiq bilinmir. Lakin bu azalmanın nağd pul kütləsinin oktyabrda azalması səbəbindən baş verməsi ehtimalı var, çünki sentyabrda pul bazasının azalması həmçinin nağd pulların azalması hesabına baş verib. Belə ki, sentyabr ayında nağd pulların həcmi 98 mln. manat azalıb.

"Report"un analitiklərinin fikrincə, pul bazasının artımı inflyasiyaya səbəb olur və əksinə, azalması inflyasiya amillərini azaldır. Beləliklə, pul bazasının idarə edilməsi Mərkəzi Bankın inflyasiyanın monetar amillərinin zəiflədilməsi üçün əsas alətlərindən biridir. Ardıcıl iki ay ərzində pul bazasının azalması onu ehtimal etməyə imkan verir ki, Mərkəzi Bank tərəfindən ölkədə inflyasiya gözləntiləri yüksəkdir və bu səbəbdən AMB inflyasiyanın monetar amillərinin azaldılması üçün müvafiq qabaqlayıcı tədbirlər görür. 

Son xəbərlər

Orphus sistemi